Azərbaycanın Dağıstanda salacağı zeytun bağı və tikəcəyi zeytun yağı emalı zavodu 7 milyon manata başa gələcək.
Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” MMC ilə Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzi arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, birinci mərhələdə Dərbənd rayonunda 100 hektarlıq ərazidə zeytun bağı salınacaq. Bu prosesə payızda başlanacaq. Zeytun bağının salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən ümumilikdə 165 min ədəd tingdən istifadə olunacaq. Həmçinin sözügedən bağın suvarma sisteminin qurulması da “İsfa” MMC tərəfindən həyata keçiriləcək.
İkinci mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur.