İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda iki israilli diplomatın öldürülməsindən sonra ölkəsinin bütün diplomatik nümayəndəliklərində təhlükəsizliyin artırılması barədə göstəriş verib.
“Mən İsrailin dünya üzrə nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də dövlət nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün göstərişlər vermişəm”, – baş nazir bildirib.
O, Amerika paytaxtında baş verənlərdən danışaraq, faciənin İsrailə qarşı qızışdırmanın nəticəsi və antisemitizmin növbəti təzahürü olduğu qənaətində olduğunu bildirib. “Biz antisemitizmin və İsrail Dövlətinə qarşı vəhşi təhrikin dəhşətli bədəlinin şahidi oluruq. İsrailə qarşı qanlı böhtanlar qan tökür və onlara qarşı sona qədər mübarizə aparılmalıdır. Mənim ürəyim əclaf antisemit qatil tərəfindən həyatları qısalmış gənc oğlan və qadının ailələri və yaxınları üçün ağrıyır”, – Netanyahu bildirib. (Tass)