“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, qanunsuz maliyyə axınları dövlətlərin iqtisadi təhlükəsizliyini zəiflədir, maliyyə institutlarına inamı azaldır və investisiya mühitini risk altına salır: “Bu təhdidlər xüsusilə kiçik və orta biznes sektoruna qarşı daha güclüdür. KOB-lar çox zaman nəzarətsiz əməliyyatlara və hüquqi boşluqlara daha həssas olur. Ona görə də bu mövzu KOBİA üçün daima aktuallıq kəsb edir”.
Sədr həmçinin çirkli pulların yuyulması prosesinin klassik yanaşmalara əsasən yerləşdirmə, layihələşdirmə və inteqrasiya mərhələlərindən ibarət olduğunu vurğulayıb. Bu mərhələlərin iqtisadi sistemə qanunsuz vəsaitlərin daxilolma modelini formalaşdırdığını deyib: “Leqallaşdırılmış vəsaitlər investisiya, daşınmaz əmlak, xidmət və istehsal sahələrində formal biznes görüntüsü yaradaraq bazara daxil olur. Bu isə şəffaf sahibkarlar üçün qeyri-bərabər rəqabət mühiti yaradır”.
Onun sözlərinə görə, bu kimi çağırışlara qarşı nəzarət orqanlarının funksional yanaşması xüsusi əhəmiyyət daşıyır: “Potensial risk daşıyan əməliyyatlara prioritet verilməsi, hüquq mühafizə, bank, vergi və iqtisadi qurumlar arasında institusional əməkdaşlıq, süni intellektlə anomaliyaların avtomatik aşkarlanması vacib məsələdir”.
O.Məmmədov beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulayıb: “Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlər – FATF tövsiyələri, Avropa Şurası konvensiyaları və BMT-nin müvafiq çərçivələri bizim üçün yol xəritəsi rolunu oynayır”.
O qeyd edib ki, mikro və kiçik sahibkarların məlumatlandırılması onların təsadüfən və ya bilmədən qeyri-leqal fəaliyyətə cəlb olunmasının qarşısını alır: “KOBİA olaraq biz bu məsuliyyəti dərk edirik və sahibkarlara çağırışlar etmişik. Gələcəkdə nəzarət qurumları ilə birgə şübhəli əməliyyatlar və qeyri-şəffaf müqavilə riski mövzusunda maarifləndirici tədbirlər keçirməyi planlaşdırırıq”.
Sədr əlavə edib ki, təhlükəsiz və şəffaf iqtisadiyyatın təmin olunması yalnız nəzarət orqanlarının deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən ortaq məsuliyyətdir.