Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, bəzi Afrika ölkələrində Rusiya diplomatik nümayəndəliklərinin açılması məsələsi praktiki müstəviyə keçib.
Diplomat xatırladıb ki, 2024-cü ilin dekabrında Rusiya hökuməti Niger və Syerra-Leonedəki səfirliklərin işini bərpa etmək, eləcə də Cənubi Sudanda diplomatik nümayəndəlik yaratmaq barədə sərəncam verib.
“Hazırda bu diplomatik nümayəndəliklərin açılması ilə bağlı işlər artıq praktiki müstəviyə keçib. Bundan əlavə, Rusiyanın Qambiya, Toqo və Komorlar İttifaqı kimi ölkələrdə mövcudluğunu genişləndirmək planları var”, – Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Afrika istiqamətində diplomatik mövcudluğunun genişləndirilməsi ticarət-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, eləcə də siyasi dialoqun inkişaf etdirilməsi üçün mühüm elementdir.
“Vurğulamaq istərdim ki, bu, ikitərəfli yoldur. Biz digər məsələlərlə yanaşı, əməkdaşlığımızı aktivləşdirmək üçün Afrika ölkələrinin çoxsaylı çağırışlarına cavab veririk”, – Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb. (Tass)