İyun 18, 2025-17:04
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Komitə sədri Yetmişlər Kvorumunun üzvləri ilə görüşdü

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə olan ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə dini müxtəlifliyin qorunması və cəmiyyətlərarası dialoqun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri qonaqlara ölkəmizdəki dinlərarası harmoniya mühiti və birgəyaşayış ənənələri barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, dini konfessiyalar arasında həmrəyliyin dərinləşməsi dövlətin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Ölkədə mövcud olan bütün konfessiyara məxsus dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri diqqətdə saxlanılır, dövlət dini icmalara hər il maliyyə yardımı göstərir. Xalqımızın uzun əsrlər boyu yaşatdığı multikultural və toleranlıq dəyərlərinin qorunmasına göstərilən dövlət dəstəyi Azərbaycanı bu sahədə ən yaxşı nümunələrdən birinə çevirib.

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü Cek Gerard Azərbaycanın vəhdət və həmrəylik prinsiplərinin qorunmasına böyük səylə çalışmasını müsbət hal kimi dəyərləndirib. C.Gerard ölkəmizdə dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətlərinin tarixi ənənə olaraq nəinki qorunduğunu, həmçinin, bu münasibətlərin daha da dərinləşməsinə şərait yaradıldığını xüsusi olaraq vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və tolerantlıq mühitinin möhkəmləndirilməsi sahəsində birgə təşəbbüslər müzakirə olunub.