ABŞ prezidenti Donald Tramp Miçiqan qubernatoru Qretxen Uitmeri oğurlamağa cəhddə ittiham olunan iki həmyerlisinin əfv olunmağa layiq olub-olmadığını nəzərdən keçirməyə hazırlaşır.
“Mən buna baxacağam. Bu, diqqətimi çəkdi”, – ABŞ administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərlə söhbətində işi şərh edərkən deyib.
“Mən bu məhkəmə prosesini izlədim. Məndə elə təəssürat yarandı ki, bu, kifayət qədər dəlil olmadan bir qədər tələsik məhkəmə idi”, – Respublikaçı Tramp bildirib. Bununla o, Demokrat Partiyasının nümayəndəsi Uitmeri qaçırmaqda ittiham olunaraq üç il əvvəl uzun müddətə həbs cəzasına məhkum edilmiş iki Miçiqan sakininin niyyətlərinin ciddiliyini faktiki olaraq şübhə altına aldı. Tramp müttəhimlər haqqında “Sizinlə düzünü deməliyəm, fikirləşdim ki, onlardan bəziləri axmaq şeylər deyib. Onlar içki içiblər və axmaq şeylər danışıblar”. O, eyni zamanda, onun fikrincə, bu qəbildən olan bəzi işlərdə təqsirli hökmlərin ədalətli çıxarıldığını vurğulayıb. Tramp hansı konkret halları nəzərdə tutduğunu açıqlamayıb. (Tass)