Müharibə şəraitinə baxmayaraq, Azərbaycanın diaspor təşkilatları Ukraynanın bir sıra şəhərlərində 28 May-Müstəqillik Günü ilə bağlı tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində Müstəqillik Günü ilə bağlı təşkil olunan konsert və sərgidə şəhər meriyasının rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər. Ukrayna Azərbaycanlıları Radası Krivoy-Roq şəhər təşkilatının keçirdiyi tədbirdən əvvəl iştirakçılar Azərbaycana rəsm sərgisi ilə tanış olublar.
Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib ki, ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy-Roqda Müstəqillik Gününün qeyd edilməsi Ukraynada yaşayan soydaşlarımızın birliyinin, dövlətçiliyimizin xarici ölkələrdə təbliğinin göstəricisidir. Müstəqillik Günümüz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti nəticəsində Azərbaycanın işğaldan azad olunmuş bütün suveren torpaqlarında, o cümlədən Xankəndidə, Xocalıda, Şuşada, Ağdərədə qeyd edilir.
Tədbirdə şəhər merinin vəzifəsini icra edən Yuri Vilkul bildirib ki, Azərbaycan diasporu Krivoy-Roq şəhərinin ictimai həyatında fəal rol oynayır. Azərbaycan dövləti müharibə zamanı Ukrayna xalqına öz humanitar dəstəyini əsirgəmir. Həmçinin azərbaycanlılar da bu işdə aktiv fəaliyyət göstərir.
Sonra Yuri Vilkul 3 soydaşımızı aktiv fəaliyyətinə görə mükafatlandırıb. Ukrayna Azərbaycanlıları Radası Krivoy-Roq şəhər təşkilatı isə Yuri Vikula Azərbaycandan gətirilən “Qarabag” xalçası hədiyyə edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü Odessa şəhərində də qeyd edilib. “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının təşkilatçılığı ilə təşkil olunan tədbirə təşkilatın idarə heyəti üzvləri, yerli qonaqlar və soydaşlarımız qatılıblar.
Əvvəlcə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib. Sonra hər iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin moderatorluğunu edən Ukrayna vəkillər kollegiyasının üzvü, hüquqşünas Aydın Əliyev, “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanov, Odessa İqtisad Universitetinin keçmiş rektoru, professor Mixail Zveryakov, Odessa rayon Radasının sədri Vitali Barvenenko, Əfqan milli-mədəni birliyinin sədri Nuri Əzim, Ağsaqqallar Şurasının sədri hacı Namiq “Birlik” təşkilatının sədr müavini Anar Natiqoğlu çıxışlarında Cümhuriyyətin tarixindən, Azərbaycan-Ukrayna arasında dostluq əlaqələrindən danışıblar. Qeyd olunub ki, ilk paytaxtımız Gəncə və Odessanın qardaşlaşmış şəhərlər olması qürurverici haldır. Cümhuriyyətin iki naziri Nəsib bəy Yusifbəyli və Xosrov bəy Sultanov məhz Odessada indiki İ.İ.Mecnikov adına universitetdə təhsil alıblar.