İyun 17, 2025-1:26
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Növbəti köç karvanı Bəylik kəndinə çatdı, açarlar təqdim edildi

Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.

Bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

06:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Laçın rayonuna respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Teleqraf xəbər verir ki, bu gün Laçın rayonunun Bəylik kəndinə daha 41 ailə – 163 nəfər köçürülür.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Bəylik kəndinə ümumilikdə 90 ailə – 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.