“Şərq qapısı” qəzeti Azərbaycanın media məkanında xüsusi çəkisi olan, 104 illik tarixi ilə seçilən sanballı mətbuat orqanıdır. “Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 30-da Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MediaFest-2025″də çıxışı zamanı deyib.Onun sözlərinə görə, bu qəzet təkcə Naxçıvanın deyil, bütövlükdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır:”Klassik jurnalistika prinsiplərinə sadiqliyi, analitik və siyasi məqalələrə verdiyi önəmlə seçilən qəzet son dövrlərdə fəaliyyətini daha da genişləndirib, sosial mediada da aktiv mövqe qazanıb. Qəzetin həm texniki bazası təkmilləşdirilib, həm də yaradıcı heyəti gücləndirilib. Ən önəmlisi isə “Şərq qapısı” qəzeti hüquqi status qazanaraq müasir media subyekti kimi fəaliyyətini daha çevik və sistemli şəkildə davam etdirmək imkanı əldə edib. Bu gün “Şərq qapısı” həm ənənəvi medianın, həm də müasir informasiya platformalarının uğurlu sintezini nümayiş etdirərək mühüm nailiyyətlərə imza atır”.F.Nəcəfli bildirib ki, son illərdə Naxçıvanda informasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də Naxçıvan televiziyasının peyk yayımına qoşulması oldu: “Dövlət başçısının mətbuata verdiyi önəmin bariz nümunəsidir ki, Naxçıvan Dövlət Universitetində müasir tələblərə cavab verən tədris proqramları əsasında peşəkar və ixtisaslı jurnalist kadr hazırlığı həyata keçirilir”.