Beləliklə, qeyd olunan normativ hüquqi sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti sahəsində icraatlar yalnız Sistemdə həyata keçirilir və bütün qərarlar, məlumatlar Sistemdə formalaşır və zəruri məlumatların poçtla göndərilməsinə ehtiyac olmadan şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada verilməsi təmin edilir. Sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütün tikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədən dərhal Sistemin strukturuna daxil olan Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda tikintiyə icazə Sistemdə formalaşdığından onların “surəti”nin təqdim edilməsi tələbi də ləğv edilib.
Qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsində göstərilən qanunlarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlər edilir. Buraya məlumatların “sifarişli poçtla göndərilməsi”nə, “sənədlərin surəti”nə dair müddəaların müvafiq qanunlardan çıxarılması, məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edən normalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sair aiddir.
Eyni zamanda meşə fondunda tikinti işlərinin aparılmasının tikinti sahəsində formalaşmış qanunvericiliklə uzalaşdırılması məqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, dağ-mədən işlərinin aparılmasının isə “Yerin təki haqqında” qanuna uyğun həyata keçirilməsinə dair müddəa əlavə edilib.