İsrail Müdafiə Qüvvələrinin tank birləşmələri Fələstin anklavının şimalında yerləşən Beyt Hanun şəhərində təhlükəsizlik səddinə bitişik ərazidə Qəzza zolağına doğru irəliləyir. Bu barədə yerli mənbələrə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.
Fələstin provayderi Jawwal daha əvvəl bildirmişdi ki, İsrail ordusunun kütləvi zərbələrindən sonra Qəzza zolağında mobil rabitə və mobil internet fəaliyyətini dayandırıb. Əl-Ərəbiyyə və Əl-Cəzirə telekanallarının məlumatına görə, cümə günü Qəzza zolağı oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra ən şiddətli hücuma məruz qalıb. İsrail Müdafiə Qüvvələrinin anklavın bir neçə bölgəsinə havadan, qurudan və dənizdən hücum etdiyi bildirilir. (Tass)