Türk dövlətləri arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək və daha da gücləndirmək mümkündür.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) darə Heyəti sədrinin birinci müavini Samir Hümmətov Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisində deyib.
Onun sözlərinə görə, 2024-cü ilin statistik məlumatlarına əsasən, Türk dövlətləri arasında ticarət dövriyyəsi 45 milyard ABŞ dollarıdır: “Amma biz düşünürük ki, bu göstəricini daha da artırmaq mümkündür”.
O bildirib ki, KOBİA-nın mandatına daxil olan əsas məsələlərdən biri KOB subyektlərinin istehsal etdikləri məhsulların tanıdılmasıdır: “Bu gün keçirilən sərgidə KOB subyektləri də təmsil olunurlar. Tədbirin əhəmiyyəti yalnız sərgi ilə məhdudlaşmır. Türk dövlətlərinin bir araya gətirilməsi, müxtəlif şirkətlərin fərqli məhsullarla çıxış etməsi ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm bir platforma rolunu oynayacaq”.
S. Hümmətov vurğulayıb ki, burada yalnız məhsullar nümayiş etdirilmir: “Eyni zamanda konfranslar keçiriləcək, forum təşkil olunacaq və müxtəlif ikitərəfli görüşlər baş tutacaq. Həmçinin ideyaların qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Biz inanırıq ki, bu proseslər nəticəsində ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf edəcək.