ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff respublikaçı senatorlara xəbərdarlıq edib ki, vəziyyətin gərginləşəcəyi təqdirdə İsrailin hava hücumundan müdafiəsi İranın cavab zərbəsinə tab gətirə bilməyəcək. Bu barədə Axios internet portalı məlumat yayıb.
Mənbələrinin bildirdiyinə görə, Vitkoff ötən həftə senatorlara xəbərdarlıq edib ki, İsrailin hava hücumundan müdafiəsi yüzlərlə raketdən istifadə etsə, İranın cavab zərbəsinə tab gətirə bilməyəcək və bu, böyük itkilərə və geniş dağıntılara səbəb ola bilər.
Bundan əvvəl ABC News xəbər vermişdi ki, İsrail yaxın günlərdə İrana hərbi zərbə endirə bilər. Media mənbələrinin məlumatına görə, qərar hələ yekunlaşmayıb, lakin regionda gərginliyin artması fonunda bu variant aktiv şəkildə müzakirə olunur.
Cümə axşamı Reuters xəbər verib ki, Birləşmiş Ştatlar “bölgədə artan təhlükəsizlik riskləri” səbəbindən İraqdakı səfirliyini qismən evakuasiya etməyə hazırlaşır. Bundan əlavə, agentliyin məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset amerikalı hərbçilərin ailə üzvlərinin könüllü olaraq Yaxın Şərq ölkələrini tərk etməsinə icazə verib. Bu qərar əsasən Bəhreyn və Küveytdəki ABŞ vətəndaşlarına aiddir. (Tass)