Qazax rayonunda baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, artıq onuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Mayın 5-dən rayonda qazaxlı kümçülər tərəfindən barama istehsalı mövsümünə start verilmişdi. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 30 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb. Cari ilin barama mövsümü üçün rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndlərində kümçülər tərəfindən 1200 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulmuşdu.
İyunun 10-dan start götürən barama tədarükü artıq başa çatıb. Kümçülər nəzərdə tutulmuş planı artıqlaması ilə icra ediblər. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 1455,8 kiloqram barama “Azəripək” MMC-yə təhvil verilib.