Teleqraf xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, Sinxua agentliyinin rəhbərliyi ilə görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov cari ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın və digər sənədlərin imzalanmasının mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini deyib.
Sinxua agentliyinin prezidenti Fu Hua rəhbərlik etdiyi qurumun beynəlxalq informasiya əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək Azərbaycanla media sahəsində əməkdaşlığın inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
O bildirib ki, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri zamanın sınağından keçmiş və möhkəm təməl üzərində qurulub. Fu Hua Sinxua ilə AZƏRTAC-ın son illərdə bir çox istiqamətdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, bir-birinin media layihələrinə dəstək verdiyini, mütəmadi xəbər mübadiləsi apardığını diqqətə çatdırıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev rəhbərlik etdiyi agentliyin Sinxua ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib, agentliklərin sıx əməkdaşlıq etdiyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün gələcək addımlar müzakirə edilib.
Həmçinin, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkənin ən nüfuzlu media orqanlarından biri olan “Jenmin Jibao” qəzetinin redaksiyasında olub.
Qəzetin rəhbərliyi ilə görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatlar həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması və gücləndirilməsi olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda həm onlayn, həm də ənənəvi media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.
“Jenmin Jibao” qəzetinin prezidenti Yu Şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda müxtəlif rəqəmsal platformalar vasitəsilə də milyonlarla izləyiciyə informasiya çatdırır. O, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasının media sahəsində də öz nəticələrini verəcəyinə əminliyini ifadə edib. Yu Şaolian “Jenmin Jibao” qəzetinin AZƏRTAC ilə qarşılıqlı faydalı əməkdaşlığından söz açıb, qəzetin layihələrinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə Çin Xalq Respublikasının 2013-cü ildə irəli sürdüyü və Avrasiya ölkələri arasında infrastrukturun inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyan “Kəmər və Yol” təşəbbüsü barədə fikir mübadiləsi aparılıb, layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə diqqət çəkilib.