AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə layihəni həyata keçirən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Viest məlumat verib.
Bu yaxınlarda Naxçıvanda olan Angela Viest bildirib: “Ordubadda yeni iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək. Burada yaşamaq və işləmək istəyənlər üçün uyğun infrastruktur təmin ediləcək. Hədəfimiz yalnız şəhəri dəyişmək deyil, mövcud iqtisadi strukturlara yeni nəfəs verməkdir. Məsələn, kənd təsərrüfatı sahəsində “smart” – yəni ağıllı texnologiyalara əsaslanan model tətbiq olunacaq. Bu, həm məhsuldarlığı artıracaq, həm də yeni filial və müəssisələrin yaranmasına şərait yaradacaq”.
Angela Viest təhsil sahəsində də inkişafın nəzərdə tutulduğunu, yeni məktəblərin tikintisi və səhiyyə infrastrukturunun genişləndirilməsi istiqamətində addımların atılacağını deyib: “Bu yeniliklər xüsusilə gənclərin Ordubadda qalmasına, burada yaşayıb-yaratmasına stimul verəcək. Məqsəd Ordubadın simasını dəyişmək deyil, onu daha da gücləndirib gələcəyə daşımaqdır”.
“Hazırda baş plan üzrə əsas mərhələlər tamamlanmaq üzrədir. Şəhərdə nəzərdə tutulan dəyişikliklər tədricən həyata keçiriləcək və sakinlər bu inkişafı mərhələli şəkildə hiss edəcəklər”, – deyə şirkət nümayəndəsi əlavə edib.