Ermənistan və Azərbaycan arasında təmaslar iki ölkə arasında mövcud olan dərin inamsızlığı aradan qaldırmağa kömək edə bilər, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistanla Azərbaycan arasında hamıya məlum səbəblərə görə dərin inamsızlıq var. Məsələn, Əbu-Dabi (Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçirildiyi yerdə ) nə üçün vacibdir? Əgər bu dərin inamsızlığı aradan qaldırmaq imkanı varsa – və inanıram ki, əgər biz ardıcıl olsaq, bunu etmək olar – bu, belə təmaslar vasitəsilə həyata keçirilə bilər”, – erməni baş nazir deyib.
O bildirib ki, həm Ermənistan, həm də Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqelərini açıq şəkildə bəyan ediblər və mövqelərin yaxınlaşması yolu ilə sənədin imzalanması və ratifikasiyasına nail olmaq üçün birgə məsləhətləşmələr aparılır. Paşinyan həmçinin əmin edib ki, İrəvanla Bakı arasında aparılan danışıqlarda məxfi heç nə yoxdur, hər şey açıqdır. (Tass)