Çin dəniz polisinin üç patrul gəmisi Şərqi Çin dənizində Yaponiyanın özünün ərazi suları hesab etdiyi mübahisəli Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Daha bir Çin gəmisi Senkaku zonasına bitişik sulardadır. Agentlik yazır ki, o, avtomatik topa oxşar qurğuya malikdir.
Kyodo-nun vurğuladığı kimi, Çin gəmiləri 89 gündür mübahisəli adaların yaxınlığındakı əraziyə bitişik sularda fasiləsiz olaraq mövcuddur.
Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ilin sentyabrında Tokionun Yaponiya vətəndaşı olan özəl sahiblərdən onları geri alacağını elan etməsindən sonra kəskinləşdi. Bundan sonra Çində kütləvi etiraz nümayişləri keçirilib. O vaxtdan bəri Çin gəmiləri mübahisəli arxipelaqın yaxınlığında daim gəzir və onun sahil zonasına nümayişkaranə səfərlər edir. (Tass)