“Yüksəliş” müsabiqəsinin formatında formal olaraq görünməsə də, mənəvi bünövrəsində mütləq olmalı olan dəyərlər də var. Bu, çox vacib və fundamental dəyərlərdir. Əsas məqsədimiz minlərlə insan arasında dəyər daşıyan, dəyər yarada bilən insanları tapmaqdır. Bu keyfiyyətli insan kapitalının içindən, peşəkarlıq meyarları arasından maddi dəyərləri yaratmaq istəyən insanları seçəndə mütləq vacib fundamental dəyəri nəzərdə tutmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinə həsr olunmuş açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bildirib. O bildirib ki, müsabiqənin məqsədi dəyər yaratmaq iqtidarında və potensialında olan insanları tapmaqdır.
“Bu meyar dəyərlər sırasında bu dəyər birincidir, əzəlidir. Bu, toplumu xalqa, millətə çevirən, vətənimizi, ailəmizi, doğma torpağımızı, ana dilimizi, milyonlarla soydaşlarımızın uzun əsrlər boyu qurduğu, miras qoyduğu dəyərlər toplusudur. Biz əqidəli, dürüst, ədalətli insanları axtarırıq. Ona görə də qalib olan hər kəsin yüksəlişi Vətənin yüksəlişidir”, – deyə Fərəh Əliyeva qeyd edib.