Fələstinin radikal HƏMAS hərəkatı, İsrail və Misir hakimiyyət orqanları Qətərin vasitəçiliyi və ABŞ ilə koordinasiyada əcnəbilərin və ağır yaralıların Qəzza zolağından çıxmasına icazə verəcək razılığa gəliblər.
Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, sazişlər xarici pasport sahiblərinin və ağır xəsarət alanların Misirlə Qəzza zolağının sərhədindəki Rəfah keçid məntəqəsindən keçə biləcəklərini nəzərdə tutur. Bununla belə, tərəflər bu keçid məntəqəsinin hansı müddət ərzində açıq olacağını müəyyən etməyiblər, mənbə Reuters-ə aydınlıq gətirib.
Onun sözlərinə görə, bu razılaşma HƏMAS-ın saxladığı girovların azad edilməsi və anklavda humanitar vəziyyətin yumşaldılması üçün humanitar pauzanın tətbiqi kimi danışıqların gündəliyində duran məsələlərin həlli ilə bağlı deyil. (Tass)