Cənubi Koreyadan gələn peşəkar müəllimlər tərəfindən keçirilən yay məktəbi bizə ixtisasımız barədə əlavə biliklər qazanmağa və mütəxəssis kimi formalaşmağa kömək edir.
Bunu Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) informasiya texnologiyaları ixtisası üzrə III kurs tələbəsi Emil Əkbərli bildirib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, o, 3+1 modelinə əsaslanan proqramın digər üstünlüklərindən də danışıb. Bildirib ki, tam dövlət təqaüdlü proqram çərçivəsində növbəti tədris ilində sonuncu kursu Koreyada davam etdirəcək: “Peşəkar müəllimlərdən təhsil almaq imkanı əldə edəcəyik. Bu, mənim və həmyaşıdlarım üçün əvəzsiz bir fürsətdir”.
Qeyd edək ki, ikili diplom proqramı tələbələri üçün BMU-da növbəti yay məktəbi təşkil olunub. Yay məktəbində İNHA Universitetinin 15 nəfərlik professor-müəllim heyəti iştirak edir.