Tərtər rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlarla yanaşı Rusiya bazarlarına da göndərilir.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-a bildirib ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Hazırda rayon ərazisində 1706 hektar sahədə meyvə bağları var. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, istehsal xərclərinin az olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayonda 548 hektar xurma bağı var ki, onun da 448 hektarı barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Korolyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşumuz Rusiya bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür.
Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Bala Kəngərli kəndidir. Kənd sakini İnsafa Məmmədov deyib: “2011-ci ildə 1,2 hektar sahədə xurma bağı salmışam. Bağdakı ağaclar xurmanın “Şişburun” növündəndir. Bağ salınandan 4 il sonra məhsul götürməyə başlamışıq. Hazırda bağda xurma yığımını yekunlaşdırırıq. 10 tona yaxın məhsulumuz var. Alıcılıq qabiliyyəti yaxşıdır, meyvənin bir kiloqramını 80-90 qəpiyə satırıq. Məhsullarımız Rusiya bazarlarına aparılır”.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin sağaldılmasında tətbiq edilir.