Ukrayna hökuməti müdafiə nazirlərinin müavinlərinin tərkibini yeniləyib, onlardan bəziləri öz vəzifələrində qalıb. Təyinatlarla bağlı elanı hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz Telegram kanalında dərc edib.
Bu ilin aprelində satınalma qalmaqallarına görə istefa verən və indiyədək nazirin müşaviri statusunu daşıyan general-leytenant İvan Qavrilyuk yenidən nazirin birinci müavini olub. Sergey Boev birinci statusunu itirərək yenidən nazir müavini vəzifəsinə təyin edilib. Ondan əlavə, Anna Qvozdyar da vəzifəsini qoruyub.
Yeni nazir müavinləri sırasına hərbi-texniki inkişaf üzrə ixtisaslaşan polkovnik Volodimir Zaveruxa, pilotsuz texnologiyalar üzrə ekspert hesab edilən mayor Yuri Mironenko və “rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma məsələləri” üzrə cavabdeh olacaq Oksana Ferçuk daxildir.
Eyni fərmanla Valeri Çurkin və Yekaterina Çernoqorenko müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər. (Tass)