ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna avqustun 8-dək sülh yolu ilə nizamlanma üzrə razılığa gəlməlidir.Bunu ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Con Kelli bildirib.
Kelli BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında deyib: “Rusiya və Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Razılaşmanın vaxtı çatıb. Prezident Tramp bunun avqustun 8-nə qədər edilməli olduğunu açıqlayıb”.
Kelli əlavə edib ki, “ABŞ sülhü təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır”.
Amerika lideri bundan əvvəl Rusiya və Ukraynaya razılığa gəlmək üçün 50 gün vaxt verəcəyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət tarifləri tətbiq edəcəyini bildirmişdi. Bazar ertəsi Tramp Rusiyadan və nizamlanmada irəliləyişdən məyus olduğunu və buna görə də müddəti 10-12 günə endirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml ABŞ prezidentinin bəyanatını oxuyub və onu nəzərə alıb.