Teleqraf xəbər verir ki, dəyişikliyə əsasən, qanuna yeni anlayışlar daxil olunub.
Bunlar “Dividend” (dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş) və “Uzunmüddətli dövr” (beş və daha çox ili əhatə edən dövr).
Qanunda “ortamüddətli dövr” 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə “uzunmüddətli dövr” ifadəsi daxil edilib.
Həmçinin, nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlerin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqedar Qanuna “dividend” anlayışı əlavə edilib və “dividendlər” dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb.
Bundan başqa, məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.
Həmçinin müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.
Vurğulanır ki, layihələrdə iştirak payı ilə bağlı xərclər əsaslı xərclərdə əks etdiriləcək.
Həmçinin vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətləri müəyyənləşdirilir.
Qanun layihəsinə əsasən, vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldiləcək:
– bu qanunun 15.4-cü maddəsi tətbiq edildiyi halda müdafiə olunan xərc maddələrinin maliyyələşdirilməsinə;
– dövlət büdcəsi kəsirinin onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;
– Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.
Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət, həmçinin, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə biləcək.
Digər məqama əsasən isə xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət xəzinədarlığı tərəfindən bəzi xidmətlərə görə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi ləğv edilib.
Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.
Dəyişikliyə əsasən, büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödəniləcək.
Büdcə zərfinə daxil olan sənədlərin siyahısı genişləndirilir.
Bildirilir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesində proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi təklif olunur.
Həmçinin büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsi Təminat Fonduna köçürüləcək.
Büdcə ili ərzində dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdiriləcək və təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilməyəcək.
Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı qalığın yönəldiyi istiqamətlər üzrə ödənişlər icra edilməklə idarə olunacaq və (və ya) idarəetməyə veriləcək.
Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunacaq və (və ya) idarəetməyə veriləcək. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə biləcək.
Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunacaq.
İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürüləcək.