Fransa prezidenti Emmanuel Makron hökumətə iki ölkə arasında münasibətlərdəki böhran fonunda Əlcəzairə qarşı daha sərt mövqe tutmağı və onlar arasında viza rejimini sadələşdirən sazişi dayandırmağı tapşırıb. Bu barədə Fransa liderinin baş nazir Fransua Bayruya göndərdiyi məktubda deyilir.
Le Figaro qəzetinin dərc etdiyi məktubda deyilir: “Xidməti və diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında 2013-cü il sazişi dayandırılmalıdır”.
O, həmçinin Bayruya bu qərarla bağlı Aİ tərəfdaşlarını xəbərdar etməyi tapşırıb ki, onlar da lazımi tədbirləri görə bilsinlər.
Makron məktubda “miqrasiya və təhlükəsizlik məsələlərində Əlcəzairlə münasibətlərdə artan çətinliklərə” də diqqət çəkib. Fransa illərdir Əlcəzairin Fransa ərazisində qeyri-qanuni olan vətəndaşlarını qəbul etməsinə çalışır. Bundan əlavə, münasibətlərin pisləşməsi fonunda hər iki tərəf diplomatların qarşılıqlı çıxarılmasına əl atıb.
“Əlcəzair hakimiyyəti son aylarda iki ölkəmizin maraqları naminə birgə işləmək barədə təkrar etdiyimiz çağırışlara cavab verməmək barədə şüurlu qərar qəbul edib. Hər şey başqa cür də ola bilərdi. İndi bizim daha sərt mövqe sərgiləməkdən başqa çarəmiz yoxdur”, – Le Figaro prezidentin məktubla bağlı sözlərini sitat gətirir.