Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Tel-Əvivin Ben Qurion hava limanına yeni zərbə endiriblər. Müvafiq bəyanat üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın Telegram kanalında yerləşdirilib.
Onun sözlərinə görə, hücum hipersəs ballistik raketdən istifadə edilməklə həyata keçirilib. Bildirilir ki, “əməliyyatın məqsədinə nail olunub” və “hava limanının fəaliyyəti dayandırılıb”.
Bəyanatda qeyd olunub ki, Ənsar Allah hərəkatı “Qəzza zolağında baş verənləri izləyir” və İsrail qüvvələri tərəfindən işğalına icazə verməyəcək. Husilər “İsrailin anklav sakinlərinə qarşı təcavüzü dayandırılana qədər” Fələstin xalqını dəstəkləməyə davam etmək niyyətində olduqlarını əmin ediblər.
İsrail ordusunun mətbuat xidməti daha əvvəl Yəməndən atılan raketin tutulması barədə məlumat vermişdi.