“A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edilir. İmtahan oktyabrın 11-də Dövlət İmtahan Mərkəzinin (DİM) Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. İmtahan üçün qeydiyyat oktyabrın 7-dək aparılacaq.
“B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına malik məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan 4 bölmədən ibarətdir:
Oxu (Reading) – 45 dəqiqə;
Yazı (Writing) – 45 dəqiqə;
Dinləmə (Listening) – 35 dəqiqə;
Danışıq (Speaking) – 14 dəqiqə.
“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə məktəbli sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:
Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcək;
Dinləmə (Listening) – 30 dəqiqə;
Danışıq (Speaking) – 12 dəqiqə.
Qeyd edək ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür.