Bakı Dövlət Universiteti (BDU) son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir.
“Report” xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır: “Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə Azərbaycanın elmi irsini ərəb dünyasına yayıblar”.
Rektor BDU-da fəaliyyət göstərən Şərqşünaslıq fakültəsinin işi barədə də məlumat verib: “Bu gün fakültədə ərəb dili və ərəb ədəbiyyatı tədris edilir. Tələbələrimizin bu sahədə daha da inkişafı üçün tədrisi genişləndiririk. Azərbaycan gəncləri xarici dil biliklərinə üstünlük verir, bu sırada ərəb dili də var. BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir”.
E.Babayev BDU olaraq, ərəb dilinin tədrisini inkişaf etdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıl addımlar atdıqlarını da söyləyib: “Əminik ki, bu fəaliyyət gənclərimizin elmi və peşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək”.