2024-cü ildə Azərbaycanda peşə təhsili müəssisələrinə qəbul olunan şəxslərin sayı 21 % artıb, 8 pilot müəssisə üzrə adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələrdə bildirilir.
“Ötən il Qarabağ və Türkiyə-Azərbaycan Universitetləri fəaliyyətə başlayıb, 3 ali təhsil müəssisəsi QS qlobal reytinqinə daxil olub, nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqalə sayında (40 %) və elmmetrik göstəricilərdə (1,8 %) artım qeydə alınıb, müxtəlif qrant, təqaüd vəinkişaf proqramları icra edilib”, – deyə sənəddə qeyd olunub.
Bundan başqa, hesabatda deyilir ki, 2024-cü ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı təşkilat tərəfindən 10 proqram üzrə 102 tədbirin həyata keçirilməsi üçün 4 milyard 550,3 milyon manat vəsait (2023-cü illə müqayisədə 420,4 milyon manat və yaxud 10,2 % çox) proqnozlaşdırıb, icraçı təşkilatların sifarişləri əsasında 4 milyard 390,1 milyon manat, yaxud proqnozda nəzərdə tutulduğundan 160,2 milyon manat (3,5 %) az vəsait ayrılıb. İcraçı təşkilatların təqdim etdiyi məlumatlara əsasən, ayrılan vəsaitdən 4 milyard 389,9 milyon manat istifadə olunub.
Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 0,4 %-i (və ya 18,1 milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kimi nəzərdə tutulub və 5,9 milyon manat istifadə olunub. Sektor üzrə vəsaitin 91,8 %-i Elm vəTəhsil Nazirliyinin icra etdiyi tədbirlərin payına düşüb.
Monitorinqin nəticələrinə əsasən, Elm vəTəhsil Nazirliyinin Maliyyə Nazirliyinə təqdim etdiyi 2024-2027-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə ümumən nail olunub və nəticələr üzrə orta statistik icra göstəricisi yüksək olub.