Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok bildirib ki, Avropa liderləri ABŞ prezidenti Donald Trampı Rusiya prezidenti Vladimir Putinlə Alyaskada müzakirə etdiyi sülh təşəbbüslərindən geri çəkilməyə inandırmaq üçün yaltaqlıqdan istifadə edəcəklər.
“Çoxlu yaltaqlıq olacaq. Bu, yorucu, lakin zəruridir – bu, birinci mərhələdir. Siz ona deyin ki, o, nə qədər yaxşı işləyir, hamı onun hərbi [münaqişəni] həll etmək üçün Qərbə rəhbərlik etdiyinə görə necə də xoşbəxtdir. Amma sonra siz məsələnin mahiyyətinə varırsınız”, – Britaniyanın The Guardian qəzeti onun sözlərini sitat gətirir .
Nəşr xatırladır ki, Vaşinqtonda Trampla görüşdə də iştirak edəcək NATO-nun baş katibi Mark Rutte Şimali Atlantika Alyansının iyunda Haaqada keçiriləcək sammiti öncəsi şəxsi yazışmalarında Amerika prezidentini “ata” adlandırıb. Qəzet hesab edir ki, o zaman bu, guya Amerika liderinin mövqeyini yumşaltmaq üçün lazım idi.
“The Guardian” yazır ki, Avropa liderlərinin qısa müddətdə Vaşinqtona uçmaq cədvəlini tez bir zamanda dəqiqləşdirməsi Ankoricdə keçirilən Rusiya-Amerika sammitindən “nə qədər həyəcanlandıqlarını” göstərir. Məqalə müəlliflərinin fikrincə, Vladimir Zelenskinin Vaşinqtona səfəri Ukrayna nümayəndə heyətində “qorxu yaradır”.