Rusiya və Braziliya prezidentləri Vladimir Putin və Luiz İnasiu Lula da Silva arasında telefon danışığı olub. Rusiya lideri braziliyalı həmkarına avqustun 15-də Alyaskada keçirilən sammit zamanı ABŞ prezidenti Donald Trampla apardığı danışıqların nəticələri barədə məlumat verib.
“30 dəqiqə davam edən söhbət zamanı Putin avqustun 15-də Trampla Alyaskada görüşü barədə məlumat paylaşıb və bunu müsbət qiymətləndirib”, – Braziliya administrasiyası rəhbərinin mətbuat xidməti bildirib. Həmçinin qeyd edilir ki, Putin Cənubi Amerika respublikasının Çinlə birgə təşəbbüsü – Ukraynadakı münaqişənin həlli üçün “Braziliyanın sülh qrupunda iştirakını tanıyıb”.
“Prezident Lula [da Silva] telefon zənginə görə [Putinə] təşəkkür etdi və Braziliyanın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini bir daha təsdiqlədi”, mətndə deyilir. O, həmçinin davam edən danışıqlara uğurlar arzulayıb”.