Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə üçüncü dəfə Peşələr Festivalı keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi altında təşkil ediləcək festivalın əsas məqsədi düzgün peşə seçimi barədə məlumatlılığı artırmaq və iştirakçılarda müxtəlif peşələr haqqında əyani təsəvvürlər yaratmaqdır.
Azərbaycanın 11 şəhər və rayonunu əhatə edəcək festivala sentyabrın 17-də Astara rayonunda başlanacaq. Bundan sonra festival sentyabrın 19-da Biləsuvar, sentyabrın 22-də Tovuz, sentyabrın 24-də Göygöl, sentyabrın 29-da Ağdam, oktyabrın 1-də İmişli, oktyabrın 3-də Ağsu, oktyabrın 6-da Qəbələ, oktyabrın 8-də Ağdaş, oktyabrın 13-də Xaçmaz rayonunda keçiriləcək. Festivala oktyabrın 16-da Bakıda yekun vurulacaq.
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunacaq.
İştirakçılar festivala qatılmaqla həmin peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanacaqlar.
Layihə çərçivəsində peşələr üzrə ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçiriləcək.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimində maraqlı olan hər kəs, xüsusilə də gənclər və tələbələr festivalda fəal iştiraka dəvət edilir.