Raket zərbələri təkcə Ukraynaya deyil, həm də region ölkələrinin maraqlarına qarşı yönəlib.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı enerji infrastrukturunun Rusiya tərəfindən hədəfə alınması və vurulması təsadüfi deyil və sırf hərbi məqsəd də daşımır:
“Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olması, Avropaya çıxardığı enerji resurslarının həcmini artırması və coğrafiyasını genişləndirməsi Rusiyanın enerji monopoliyasını zəiflədir. Kreml bu durumdan narahatdır və Azərbaycanın inkişafını və güclənməsini qəbul edə bilmir. Ona görə də Rusiya Azərbaycanın Ukraynadakı enerji infrastrukturuna silahlı təcavüz edir. Bu hücumlar Rusiyanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi açıq düşmənçilikdir. Bunun başqa adı yoxdur”.


“Son zamanlar Rusiyada ictimai-siyasi və iqtisadi sferalarda təsir imkanlarına malik azərbaycanlılar məqsədli şəkildə təqib olunur, qanunsuz olaraq həbs edilir, vətəndaşlıqdan məhrum edilir, ölkədən çıxarılır və bu kimi bir çox diskriminasiya aktları həyata keçirilir. Eyni zamanda, Rusiya mediasında Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Rəsmi Moskvanın Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara münasibətdə yeritdiyi bu siyasət heç bir qonşuluq və dostluq münasibətlərinə sığmır. Bu siyasət açıq düşmənçilik siyasətidir”.
V.Qafarov onu da vurğulayıb ki, hazırda islamofobiya Rusiyanın dövlət siyasətinin alətinə çevrilib:
“Bu gün Rusiyada azərbaycanlılara və digər müsəlman icmalarına və milli azlıqlara qarşı həyata keçirilən siyasət irqi, milli və dini diskriminasiya siyasətidir. Azərbaycanlılara qarşı bu təzyiqlər təkcə etnik diskriminasiya deyil, eyni zamanda dini və milli ayrı-seçkiliyin dövlət siyasətinə çevrilməsinin göstəricisidir. Kremlin bu siyasəti mahiyyət etibarilə faşizm siyasətidir. Bu siyasət çoxmillətli Rusiya üçün də ciddi risklər doğurur”.