ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) xarici jurnalistlərə, tələbələrə və mübadilə ziyarətçilərinə ABŞ vizalarının verilməsi qaydalarını dəyişdirərək, onların ölkədə qalmalarını müəyyən müddətlə məhdudlaşdırmağı təklif edib. Bu barədə Federal Reyestrdə (ABŞ hökumətinin rəsmi sənədlər toplusu) yerləşdirilən departamentin bildirişində deyilir.
DHS hesab edir ki, bu dəyişiklik agentliyə daha çox nəzarət etməyə və “müvəqqəti olaraq ABŞ-da olarkən bu əcnəbilərin fəaliyyəti və planları haqqında vaxtında və dəqiq məlumat almağa”, o cümlədən onların ABŞ qanunlarına uyğun olub-olmadığını qiymətləndirməyə imkan verəcək. İdarənin təklifi müzakirəyə çıxarılacaq, lakin yeni qaydaların mümkün qüvvəyə minməsinin vaxtı hələ dəqiqləşdirilməyib.
Xarici jurnalistlər, tələbələr və mübadilə ziyarətçiləri müvafiq olaraq I, F və J vizaları alırlar. Bu sənədlər şəxsə ölkəyə giriş məqsədləri və şərtləri yerinə yetirildiyi müddətcə, məsələn, həmin şəxs xarici media orqanında işləməyə və ya Amerika universitetində oxumağa davam etdiyi müddətdə ABŞ-da qalmağa icazə verir. Əksər hallarda bu vizaların hazırda sabit etibarlılıq müddəti yoxdur.
DHS hesab edir ki, bu şəxslərin ABŞ-da qalma müddətləri məhdudlaşdırılmalıdır. Təklifə əsasən, əcnəbi jurnalistlər 240 günə qədər işləmək üçün ABŞ-a daxil ola, daha sonra lazım gələrsə, qalma müddətini uzada bilərdi. Çin vətəndaşları üçün təklif olunan müddət 90 günlə məhdudlaşdırılacaq. Xarici tələbələr və mübadilə ziyarətçiləri təhsil və ya mübadilə proqramı müddətində, lakin dörd ildən çox olmamaq şərtilə ölkədə qala biləcəklər. (Tass)