Azərbaycan-Türkiyə arasında ədəbi fəaliyyətlərin və klassik ədəbiyyatımızın Türkiyədə tanıdılması istiqamətində birgə layihələr reallaşdırılacaq.
Bu barədə Teleqraf-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəz Avrasiya Yazarlar Birliyi ilə ədəbiyyatımızın tanıdılması məqsədilə Türkiyənin aparıcı elmi müəssisələrində, universitetlərində, mədəniyyət qurumlarında birgə konfranslar, təqdimatlar, dəyirmi masaların keçirilməsi, habelə nəşr layihələrini müzakirə ediblər. Tərəflər ədəbiyyatımıza dair ortaq fəaliyyət, tədqiqatlar, tərcümələr, ədəbi məclislər, müsabiqələr, poeziya axşamlarının reallaşdırılması, Azərbaycan klassik ədəbiyyatının Türkiyədə tanıdılması yolunda birgə layihələr həyata keçirməyi qərarlaşdırıblar.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzmanla görüşdə gələcəkdə əməkdaşlığa dair ortaq yol xəritəsini də müzakirə edib.
Görüşdə Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə Şuşada keçirilməsi planlaşdırılan “Türk dünyası gənc yazarların görüşü” adlı layihə haqqında da məlumat verilib.
Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycana bir neçə nəşri, habelə son illər ədəbiyyatımıza dair Türkiyə türkcəsində nəşr olunan kitabları Avrasiya Yazarlar Birliyinin kitabxanasına hədiyyə edib.