Avropa ölkələri BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dəstək olaraq qəbul edilmiş 2231 saylı qətnaməsinin müddəalarını sədaqətlə yerinə yetirmədiyi üçün “Avropa üçlüyü”nün İrana qarşı sanksiyaların bərpası mexanizminin işə salınması qərarının hüquqi qüvvəsi yoxdur. Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski deyib.
“Avropa ölkələrinin bu addımı, fikrimizcə, heç bir hüquqi qüvvəyə malik deyil, çünki onlar 2231 saylı qətnaməni vicdanla yerinə yetirməyiblər”, – o, dünya təşkilatının mənzil-qərargahında jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, Aİ3-ün qərarı İranın nüvə proqramı üzrə beynəlxalq əməkdaşlığı çətinləşdirəcək.
“Bu, İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə ümumi ab-havaya təsir edəcək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı çətinləşdirəcək”, – o deyib.
