ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barrot telefon danışığında “uzunmüddətli sülhün” təmin edilməsi üçün addımlar atmaqla Ukraynadakı münaqişənin həlli üçün birgə işləməyə sadiq olduqlarını bildiriblər. Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott bildirib.
Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri “uzunmüddətli sülhü təmin etmək üçün tədbirlər görərkən” “münaqişənin danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səylər sahəsində əməkdaşlığı davam etdirməyə” razılaşıblar.
Piqottun vurğuladığı kimi, Rubio, həmçinin Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Parisin Fələstin Dövlətini tanıyacağı ilə bağlı bəyanatı ilə əlaqədar olaraq “ABŞ-ın Fələstin Dövlətinin hər hansı birtərəfli tanınmasına qəti etirazını” ifadə edib. Amerika tərəfinin fikrincə, “bu addım [radikal Fələstin hərəkatı] HƏMAS-ı 7 oktyabr hadisələri üçün mükafatlandıracaq və bütün girovların qaytarılması səylərinə mane olacaq”.
“Dövlət katibi və xarici işlər naziri İran, Sudan və Konqo Demokratik Respublikasını da müzakirə ediblər”, – məlumatda deyilir.