Avropa Komissiyası qlobal “süni intellekt yarışında” qalib gəlmək üçün Avropada rəqəmsal iqtisadiyyat qurmaq və Aİ-ni “NATO-nu tamamlayacaq” hərbi ittifaqa çevirmək, eyni zamanda yaşıl texnologiyaların inkişafını sürətləndirmək niyyətindədir.
“Avropa Komissiyası Aİ-də öz təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürməli olan tam hüquqlu Müdafiə İttifaqı yaratmağı hədəfləyir”, – Avropa Komissiyası Aİ-nin 2025-ci il üçün vəziyyətinə dair illik hesabatında bildirib. Sənəddə həmçinin qeyd olunur ki, AK NATO-nu Avro-Atlantik təhlükəsizlik sisteminin “məhək daşı” hesab etməkdə davam edir.
Avropa Komissiyası ikinci prioriteti iqtisadiyyatın total rəqəmsallaşdırılması və süni intellekt sistemlərinin istehsalı üçün fabriklər şəbəkəsinin işə salınması kimi görür.
“Avropa sərhəd texnologiyalarının, ilk növbədə, süni intellektin yeni dalğasının vətəninə çevrilməlidir. Süni intellekt üçün yarış yeni başlayıb və qlobal liderlik hələ müəyyən edilməyib. Aİ unikal süni intellekt sistemləri ilə bu yarışa liderlik edə bilər”, – sənəddə deyilir.
