İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2023-cü il 13 sentyabr tarixli 2621 No-li rəyinə əsasən Vaqif Xaçaturyanın hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. V.Xaçaturyan, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub. Buna görə də V.Xaçaturyan ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Vaqif Xaçaturyanın hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev proses iştirakçılarını Xaçaturyan Vaqif Çerkezinin məhkəmə ekspertiza rəyləri barədə məlumatlandırarkən deyib.
Bildirilib ki, Vaqif Xaçaturyan cinayət əməllərini törədərkən psixi-emosional sferasında qəzəb, aqressiya kimi emosional hallar yaranıb və qeyd edilən emosional vəziyyət davranışını müəyyən edib. Həmin halın yaranması Azərbaycan xalqına qarşı düşmənçilik münasibəti, kin, nifrət bəsləməsi ilə şərtləşib. Vaqif Xaçaturyan emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olub. O, cinayət əməllərini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmayıb.