Gürcüstan müxalifəti bir arzu ilə yanır – respublikada dövlət çevrilişi etmək. Bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.
“Biz bilirik ki, bu insanlar (müxalifət ) sadəcə agentləri təmsil edirlər, xaricdən idarə olunurlar və onların yeganə arzuları hansısa yolla dövlət çevrilişi etməkdir. Bu, baş verməyəcək”, – Kaladze bildirib.
Siyasətçi ölkədə vaxtaşırı keçirilən hökumət əleyhinə mitinqlərə də münasibət bildirib. Merin sözlərinə görə, nümayişlərdə iştirak edənlərə xaricdən də nəzarət olunur. “Bu, uzun illər yaradılması və formalaşması üçün külli miqdarda pul xərclənmiş bir qrup təcavüzkardır. Bunlar vətəni olmayan, müqəddəs heç nəsi olmayan insanlardır – nə sevgisi, nə də hörməti. Onların yaradılmasına kənardan qüvvələr çalışıb, qeyri-hökumət təşkilatları adlanan təşkilatlar vasitəsilə çox böyük pullar xərclənib”, – Kaladze vurğulayıb.
Baş nazir İrakli Kobaxidze noyabrın 28-də Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq prosesini dayandırmaq qərarını elan etdikdən sonra 2024-cü il noyabrın sonu və dekabrın əvvəllərində Gürcüstanda kütləvi etirazlar baş verdi. Nümayişlər hər gün etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrilib. Xüsusi təyinatlılar etirazçıları dağıtmaq üçün qaz və su şırnaqlarından istifadə ediblər. (Tass)