Fələstin dövlətçiliyini tanıyan ölkələr məsuliyyəti öz üzərinə götürməli və Fələstin xalqını qətllərdən qorumalıdır. Bunu Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh nizamlanması üzrə yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Bu gün Fələstin Dövlətini tanıyan ölkələr məsuliyyəti öz üzərinə götürməli və fələstinliləri qətllərdən qorumalıdır” deyib. Ərəb Liqasının baş katibi ümidvar olduğunu bildirib ki, hazırkı konfrans “iki dövlət həllinin reallaşması yolunda mühüm mərhələ olacaq”.
Konfransda daha əvvəl Fransa, Belçika, Andorra, Lüksemburq, Malta və San Marino Fələstin Dövlətini tanıdıqlarını elan ediblər. Sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik həm Fələstin, həm də İsrail xalqları üçün sülh və təhlükəsizliyin açarıdır.
