Finlandiyanın baş naziri Petteri Orpo və İsveçin baş naziri Ulf Kristersson Avropa Komissiyasına birgə məktub göndəriblər ki, Ukrayna 2026 və 2027-ci illərdə maliyyə ehtiyacları üçün 130 milyard avroya qədər vəsait tələb edə bilər. Məktubun mətni Finlandiya hökumətinin mətbuat xidməti tərəfindən dərc edilib.
“Ukraynanın 2026 və 2027-ci illərdə qarşılanmamış maliyyə ehtiyacları büdcə və hərbi yardım nəzərə alınmaqla 130 milyard avro həcmində qiymətləndirilir. Gözlənilir ki, maliyyə çatışmazlığı 2026-cı ilin ikinci rübündə yarana bilər”, – məlumatda deyilir.
Baş nazirlər bəyan ediblər ki, Avropa İttifaqı və onun üzvü olan ölkələr Kiyevə yardımda “əsas rol oynamalıdır”. Onlar Ukraynaya yardım üçün kreditlər şəklində “dondurulmuş Rusiya aktivlərinin maksimum istifadəsini” təklif ediblər. Hökumət başçıları həmçinin bəyan ediblər ki, Ukrayna “müharibə təzminatı” aldıqdan sonra kredit vəsaitlərini ödəməli olacaq. Bundan əlavə, Orpo və Kristersson Aİ ilə Ukrayna arasında müdafiə və sənaye əməkdaşlığının vacibliyini vurğulayıblar.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, göndərilən məktub “rəsmi sənəd deyil”. Ukraynaya yardımın göstərilməsi məsələsi oktyabrın 1-dən 2-dək Aİ-nin Kopenhagendə keçiriləcək qeyri-rəsmi sammiti zamanı müzakirə olunacaq. (Tass)
