“Zəngəzur dəhlizi” ifadəsi qeyri-legitimdir və Ermənistanla Azərbaycan arasında bağlanan müqavilələrə heç bir aidiyyəti yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deyib. O, bu ifadəni işlədən deputatın açıqlamasına cavab verib.
“Siz bu termini haradan bilirsiniz? Mən sizi yalnız legitim terminologiyadan istifadə etməyə çağırıram. Ermənistanla Azərbaycan arasında imzalanmış sənədlərdə bu termin yoxdur. Mən Azərbaycanı bunun nə demək olduğunu izah etməyə çağırdım. Əgər söhbət Ermənistan ərazisinin bir hissəsindən gedirsə, onda heç kimin bizim ərazimizi başqa adlandırmağa haqqı yoxdur”, – Paşinyan qeyd edib və əlavə edib ki, belə bir ifadənin işlədilməsini pisləyir.
Azərbaycanda “Zəngəzur dəhlizi” Ermənistan ərazisindən keçməklə materiklə Naxçıvanı birləşdirə biləcək potensial kommunikasiya marşrutunu nəzərdə tutur. İrəvan bu termini ərazi iddiası kimi qəbul edir.
Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Bakı və İrəvan arasında sülh yolu ilə nizamlanması və materik Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırıldı. (Tass)
