Naxçıvan Dövlət Universitetində (NDU) Dövlət Bayrağı Günü qeyd olunub.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən NDU-nun rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Qeyd edilib ki, üçrəngli Azərbaycan bayrağı ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılıb.
Rektor bildirib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır.
Tədbirdə Dövlət Bayrağı Gününə həsr olunan film nümayiş etdirilib.
Sonra ikinci kurs magistrant Gülcan Əlizadənin “Qələbə soraqlı bayrağım” adlı çıxışı, Tarix-filologiya fakültəsinin tələbələrinin ifasında isə bədi qiraət dinlənilib.