Demokratlar siyasi kampaniyalarda, o cümlədən ABŞ-ın hazırkı prezidenti Donald Trampa və digər respublikaçılara qarşı Amerika hüquq-mühafizə orqanlarından istifadə ediblər. Baş prokuror Pam Bondi bu barədə Senatın Ədliyyə Komitəsinin dinləmələrində bildirib.
“Biz keçmiş FTB agentlərinin sizi və həmkarlarınızı (Respublikaçı qanunvericilər ) gizli şəkildə araşdırdıqlarını aşkar etdik. Niyə? Onlar prezident Trampı siyasi arenadan uzaqlaşdırmaq istəyirdilər”, – Bondi ABŞ-da demokratların hakimiyyətdə olduğu dövrə toxunaraq qeyd edib.
“Onlar hüquq-mühafizə orqanlarının səlahiyyətlərindən siyasi məqsədlər üçün istifadə ediblər və bu, tarixi ölçüdə ictimai etimada xəyanət kimi yadda qalacaq”, – ABŞ Baş Prokuroru əlavə edib. “Məhz bu cür hərəkətlər Amerika xalqının hüquq-mühafizə sistemimizə inamını sarsıdır”. Bondi əmin edib ki, Tramp administrasiyası dövründə belə hərəkətlər başa çatıb.
Yuxarıda adı çəkilən komitədəki respublikaçılar daha əvvəl ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə FTB-nin işi ilə bağlı sənədlər əldə etdiklərini açıqlamışdılar. Bu sənədlərə əsasən, FTB əməkdaşları səkkiz respublikaçı senatorun və bir respublikaçı konqresmenin şəxsi telefonlarından necə istifadə etdiyinə dair məlumat toplayıb. Bu məlumatların toplanması əvvəllər ABŞ-ın xüsusi müşaviri Cek Smit tərəfindən Trampa qarşı aparılan istintaqla bağlı idi.
Bondi qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı araşdırma aparacaq. O, istintaqla bağlı hər hansı təfərrüatları açıqlamaqdan imtina edib. (Tass)
