Ali Rada Ukraynanın gənclər və idman naziri Vadim Qutzeiti vəzifəsindən azad etmək niyyətindədir. Bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak məlumat verib.
“İdman naziri Vadim Qutzeit işdən çıxarılacaq” deyə o, Telegram kanalında yazıb.
Ali Radada prezidentyönlü Xalqın qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Araxamia öz növbəsində nazirin bu həftə işdən çıxarılacağını bildirib. Parlamentarilərdən heç biri istefanın səbəblərini açıqlamayıb.
Qutzeit qılıncoynadan, komanda hesabında Olimpiya çempionu (1992), SSRİ-nin əməkdar idman ustası (1992) və Ukraynanın əməkdar məşqçisidir (2003). O, 2020-ci ilin martında idman naziri olub, eyni zamanda 2022-ci ilin noyabr ayından Milli Olimpiya Komitəsinə rəhbərlik edib. (Tass)