“Bir neçə gün bundan əvvəl biz şanlı qələbəmizin 5 ilini qeyd etdik. AzərbaycanPrezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı düşməndən azad etdi. Hamı bir nəfər kimi müqəddəs məqsəd üçün birləşmişdi. Bu tarixi hadisədir. Burada xüsusi ilə vacib olan məqam odur ki, dövlətimiz bir tərəfdən mübarizə aparırdı. Həm də paralel olaraq bərpa və minatəmizləmə işlərinə başlamışdı. Nəticədə biz nəyi görürük? Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. “Böyük Qayıdış” Planı uğurla həyat keçirilir”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, artıq on minlərlə insan öz doğma yurdlarında yaşayır, yaradır: “Çox qısa müddət ərzində görülən bu işlər xalqımızın iradəsini və iqtisadi imkanlarımızın gücünü göstərir. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi də daim gündəlikdədir. Və heç bir halda sosial islahatlar dayanmayıb. Əksinə, bütün növdən olan pensiya, sosial müavinət, təqaüdlər və digər ödənişlərin məbləği hər il artıb. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas təbəqədən olan insanların, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Gözənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaqdır. Ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın bərpa edilməsi Azərbaycanın nüfuzunu daha da artırıb. Ancaq bununla yanaşı, dünyada gedən geosiyasi proseslər fonunda təhlükəsizlik məsələləri daha da aktuallaşır. Buna görə də Azərbaycan öz hədəflərinə çatmaq üçün rəqabətə dayanıqlı iqtisadiyyatı təmin etməlidir. Bu baxımdan 2026-ci il dövlət büdcəsini həm də strateji sənəd kimi qəbul etmək olar. Ənənəvi olaraq, ölkənin vacib maliyyə sənədi müvafiq dövlət qurumlarının rəhbərləri ilə Milli Məclis komitələrinin birgə iclaslarında müzakirə olunur, təkliflər verilir. Mən bu tədbirlərin belə yüksək səviyyədə keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin spikeri Sahibə Qafarovaya təşəkkür edirəm”.
Komitə sədri bildirib ki, 2026-cı ilin dövlət büdcəsində yaranan yeni reallıq və çağırışlar nəzərə alınıb: “Hərbi potensialın gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma prioritet məsələdir. Mən fürsətdən istifadə edib, büdcə layihəsini hazırlayan hökumətə və müvafiq dövlət qurumlarına təşəkkür edirəm. Burada hökumət nümayəndələrinin iştirakını nəzərə alaraq bir sıra təklifləri səsləndirmək istərdim:
Birincisi, qadın sahibkarlığının inkişafı ilə bağlıdır. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpa edilməsində sahibkarların özünə məxsus yeri var. Sahibkarların, o cümlədən qadın sahibkarların bu ərazilərdə, eləcə də digər rayon və kəndlərdə davamlı fəaliyyətləri üçün münbit şərait var. Və bu qadın məşğulluğunun və qadın sahibkarlığının artırılması baxımından çox vacibdir. Onların davamlı fəaliyyəti üçün daha geniş imkanların yaradılmasını təklif edərdik.
İkincisi, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması ilə bağlıdır. Əfsuslar olsun ki, qadınların böyük bir hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. Doğrudur, bu göstərici əvvəlki illərlə müqayisədə artıb. Lakin uşaq bağçalarının, eləcə də gün ərzində qayğı mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir. Belə müəssisələrin sayının artması, həm uşaqlarımızın inkişafı, həm də işin keyfiyyətinin artırılması, işçilərin övladları ilə bağlı qayğılarının azaldılması və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər.
Üçüncüsü, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili ilə bağlıdır. Mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ölkəmizdə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır. Uşaqlara, eləcə də, müəllim və texniki heyətə ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, tibb məntəqələrinin və tibb işçilərinin olmağı olduqca zəruridir. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu həm də psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər.
Dördüncüsü, üç və daha çox uşaqlı ailələrlə bağlıdır. Son illər ailələrdə doğulan uşaqların sayında azalma müşahidə olunur. Əlbəttə bunun bir çox səbəbləri var. Dövlətimiz çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirir. Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin edilməsini təklif edirik”.
