Bloomberg mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2026-cı ildə Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək niyyətindədir.
Onun sözlərinə görə, bu addım iki ölkənin ticarət sazişi üzrə danışıqları fonunda ABŞ və İsveçrə arasında münasibətlərin yaxşılaşdığını göstərir. Amerika liderinin iqtisadi foruma böyük nümayəndə heyəti ilə qatılacağı gözlənilir. 2025-ci ildə Tramp videobağlantı vasitəsilə WEF-də iştirak edib.
“WEF G20 ölkələrinin dövlət və hökumət başçılarını 2026-cı ildə keçiriləcək illik toplantısına, o cümlədən prezident Trampa dəvət edib. Təsdiqlənmiş iştirakçıların dəqiq siyahısı görüşdən bir həftə əvvəl dərc olunacaq”, – agentlik forumdan sitat gətirib.
Dünya İqtisadi Forumu İsveçrənin qeyri-hökumət təşkilatıdır. O, biznes liderlərini, siyasi liderləri və müxtəlif sahələrdə ekspertləri bir araya gətirən illik görüşlər keçirir. Minə yaxın iri şirkət və təşkilat WEF-in üzvüdür. 2026-cı ildə görüş yanvarın 19-dan 23-dək baş tutacaq və “Dialoqun Ruhu” mövzusu açıqlanacaq. (Tass)
