Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun ölkəsinin Qəzza zolağındakı hərəkətlərinə bir neçə ölkənin reaksiyasından narahat olması və siyasətdəki yerini qorumayacağı ilə bağlı fikirlərini bildirib.
“Netanyahu çox əsəbidir. Fransa prezidenti [Emmanuel] Makronun açıqlamalarından çox narahat idi. Ər-Riyaddakı sammit onu çox əsəbiləşdirdi. Netanyahu, bu gün sizin üçün yaxşı günlərdir. Amma sizi tamamilə fərqli bir zaman gözləyir. Niyə? Analar [Qəzzada] uşaqlarını qəbiristanlıqlarda kəfənlərə bükərək aparırlar. Onların lənətləri səni yox edəcək. Bil ki, Netanyahu, sən gedirsən, gedəcəksən”, – o, İstanbulda yerli televiziya ilə yayımlanan çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının noyabrın 11-də Ər-Riyadda keçirilən fövqəladə Zirvə toplantısı İsrailin hərəkətlərinə qarşı bütün İslam dünyasının vahid və həmrəy mövqeyini nümayiş etdirib. O, həmçinin sammitdə İsrailin Fələstin ərazilərində məskunlaşma siyasətini terrorçu hesab etmək də daxil olmaqla ciddi qərarların qəbul edildiyinə diqqət çəkib.
Noyabrın 10-da Makron Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində İsrail ordusunun Qəzza zolağına zərbələr endirən, dinc əhalinin ölümü ilə nəticələnən hərəkətlərinin qeyri-legitim olduğu və heç bir əsası olmadığı barədə fikir bildirib. (Tass)